Sosial müavinətlərin məbləği artırılıb .
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən,
1. 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri:
1.1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;
1.2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;
1.3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;
1.4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;
1.5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;
1.6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;
1.7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.