Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb .
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən,
1. Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən:
1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
1.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
1.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.