“İNFONEWS” xəbər verir.
Maksim Şevçenkonun Azərbaycana səfəri sonrası təəssüratları
Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanda vətənpərvərlik ruhu daha da yüksəldi. Bunu bir müddət öncə ölkəmizə səfərə gəlmiş tanınmış jurnalist Maksim Şevçenko “İnfo24”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan sakinləri böyük birlik və həmrəylik hissləri yaşayırlar ki, bunu “millətin doğuluşu” kimi xarakterizə etmək olar.
“İnanılmaz ruh yüksəkliyi var. Bir tərəfdən çoxsaylı qurbanlar, digər tərəfdən də qələbə. Mən sanki bir millətin doğuluşunun şahidi idim. Hər bir toplumun özünü vahid subyekt kimi dərk etməsi və millət olması üçün iki amil vacibdir. Bu, ümumi faciə (1992-ci ilin Qarabağ hadisələri) və ümumi qələbədir. Bu təkcə etnik azərbaycanlılar üçün deyil, ruslar, yəhudilər və digər xalqlar üçün də belədir. Mən bir çoxları ilə söhbətləşdim. Hamıda nə isə qeyri-adi bir hadisə təəssüratı var idi. Bu hadisə göydəndüşmə deyildi, yaradılmış, nail olunmuş və qazanılmış layiqli qələbə idi. Səmimi deyim ki, buna yalnız paxıllıq etmək olardı”, -deyə Şevçenko bildirib.
Jurnalist hesab edir ki, Rusiya sülhməramlılarına olan münasibət bütövlükdə müsbətdir. Azərbaycan sakinləri anlayırlar ki, onlar bölgəyə gəlməsəydi qurbanların sayı daha çox olardı.
“Azərbaycan müharibəni sonadək qələbə ilə başa çatdıracaqdı. Ermənistan çox ağır hərbi məğlubiyyətə uğradı, çox ağır. Məsələ burasındadır ki, əgər Azərbaycan sonadək müharibə aparsaydı ermənilər tərəfdən 10 minlərlə ölü və minlərlə əsir olacaqdı. Elə qurbanlar var ki, onları vermək olmaz. 40 min mülki əhali Kəlbəcər və Şuşa arasındakı buz tələsində qalmışdı. Onları heç kim xüsusi olaraq qidalandırmayacaqdı, humanitar fəlakət yaşanacaqdı. Məhz buna görə mən düşünürəm ki, prezident Əliyev əraziyə rus sülhməramlılarının daxil olmasına icazə verdi. Onlar həmin əhaliyə görə məsuliyyəti öz üzərilərinə götürdülər və bu sülh formatına keçid üçün şərait yaratdı”, – deyə Şevçenko qeyd edib.
Onun fikrincə, nəqliyyat dəhlizinin açılışı Rusiya üçün də faydalıdır: “İranla sərhəd boyu azad edilmiş cənub ərazilərindən keçən nəqliyyat dəhlizi təkcə Azərbaycandan keçən dəmiryolu xətti deyil, həm də ipək yolunun sonudur”.
Jurnalistin sözlərinə görə, Azərbaycanda Ermənistanın revanş təhlükəsindən qorxmurlar. Lakin Qarabağ ərazisində qalmış erməni radikal terrorçularının fəaliyyəti real təhlükə mənbəyidir.
“Erməni qüvvələrinin məğlubiyyəti elə total xarakter daşıyır ki, onların revanş imkanları qeyri-realdır. Azərbaycan yalnız erməni terrorizmindən ehtiyatlanır”.