Bakıda kinoteatrlar kinoalmanaxın nümayişinə START VERİR
Fevralın 2-dən etibarən bütün kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq.
“İNFONEWS” – un “Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən əldə etdiyi məlumatına görə, kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir.
Kinoalmanaxın tərkibindəki “Sizə məktub var…” filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Məzahir Həşimov, əsas rolların ifaçıları Əli Əliyev və Dəniz Tacəddindir. Ekran əsərində öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım, ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir…
Digər “Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayeva, əsas rolların ifaçıları Kəmalə Piriyeva və Niyaz Qasımovdur. “Arxa cəbhə” adlı ekran əsərində ailəsini Bərdədə qoyub özü döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı pozur.
“Hasar” filmi də Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Ultra Production”ın istehsalı olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərovdur. “Hasar” adlı ekran əsərində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur.
Ümumilikdə Birinci, İkinci Qarabağ müharibələri və müharibədən sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır.
Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlir “YAŞAT” fonduna ianə ediləcək.