Paşinyan sülh müqaviləsinə imza atacaq? – Politoloqdan ŞƏRH
“Paşinyanın çərçivə sülh müqaviləsi ilə bağlı təklifi qulağa xoş gələn təşəbbüs kimi qiymətləndirilsə də, onun son addımları birbaşa regional sülhə və sabitliyə təhlükə yaradır”.
Bu sözləri “INFONEWS” -a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Paşinyanın parlamentdə sülh məsələsi barəsində çıxışını şərh edən siyasi analitik qeyd edib ki, Ermənistan ordusunun yenidən silahlanması sülh danışıqları prosesinə əngəl yaradır.
“Ermənistanın baş naziri öz məkrli planlarını icra etməyə davam etdirir. O, öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Onun Fransa senatında Azərbaycana qarşı qəbul edilən qətnamə barədə xoş münasibət bildirməsi bunu sübut edir. Eyni zamanda o, ərazilərimizdə separatçılara maliyyə dəstəyi ayırır, Fransa və Hindistandan müasir silahların alınması üçün büdcədən külli miqdarda vəsait xərcləyir. Bütün bu addımlar sülh prosesinə ziddir. Əgər bu şəxs sülh istəyirsə, nəyə görə ordunun gücləndirilməsinə və başqa ölkələrdən silah-sursatın alınmasına çalışır? Niyə təhlükəsizliyin təmin olunması üçün beynəlxalq qüvvələrin regiona cəlb olunmasında maraqlıdır? Paşinyan sülh istəmir, bütün addımları və hərəkətləri ilə sülh müqaviləsinin imzalanmasına imkan verməməyə çalışır.
O, hər vasitə ilə əlindən gələni edir ki, regionda heç bir halda sülh və sabitlik bərqərar olmasın. Bununla bərabər, Ermənistanda təhlükəsizliyə heç bir töhvə verməyən sülh müqaviləsinin Rusiya variantına üstünlük verilir”.
Xankəndi ətrafında son siyasi və hərbi proseslərə münasibət bildirən politoloq bildirib ki, rus sülhməramlılarının bölgədə müddətinin uzadılmaması artıq bir reallığa çevrilib.
“Azərbaycana qarşı təhdidlər və təzyiqlər bizim mövqeyimizi daha da gücləndirib. Mövqeyimizdə əsas hədəf rus sülhməramlıların Qarabağı tərk etməsinə nail olmaqdır. Bundan sonra isə həmin ərazilər hərbisizləşdiriləcək və orada yaşayan yerli ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması istiqamətində ciddi tədbirlər görüləcək. Eyni zamanda Böyük Qayıdışla bağlı dövlət proqramına da diqqət yetirmək lazımdır. Bölgənin bərpası və yenidən qurulması, bütün Qarabağ bölgəsi üzrə suverenliyin bərqərar olunması üçün geniş miqyaslı planlarımız var”.
İlyas Hüseynov sülhməramlıların nəzarəti altında olan ərazilərdə hərbi əməliyyatların keçiriləcəyini istisna etməyib.
“Sülhməramlılar bilərəkdən ermənilərin özbaşınalıqlarına göz yumur. Bütün bu hallar Azərbaycan ordusunu Laçın, Xankəndində və digər ərazilərdə anti-terror əməliyyatları həyata keçirməyə vadar edir. Hesab edirəm ki, Bakı bu məsələ barədə yaxın zamanda ciddi qərar verəcək”.