Qürurluyam ki, AZƏRBAYCANLIYAM! – Fatimə Rzayeva
Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.
Ümummilli lider Heydər ƏLİYEV
Avropada (Almaniyada) yaşadığım 3 illik təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, Azərbaycanda, Bakıda ailəmizdə, məktəbdə, eləcə də gündəmdə eşitdiyimiz, mənasına belə əhəmiyyət vermədiyimiz sözlər, tapşırıqlar, ifadələr, yalnız özümüzə aid olan qaydalar xaricdə yaşayanda bir başqa cür görünür. Deyimlərimiz elə doğma, böyüklərin adi məsləhətləri bizə elə əziz olur ki, bunu sözlə təsəvvür eləmək çətindir.
“İNFONEWS” xəbər verir ki, bunu magistr təhsilini Almaniyanın Nürnberq şəhəri Fridrix-Aleksandr Universitetində İqtisadiyyat üzrə bölümdə davam etdirəm Fatimə Rzayeva söyləyib.
Ata-babalarımızın, analarımızın, eləcə də Ulu Öndərin və əlbəttə ki, Müzəffər Prezidentimizin hər sözü məhz bir neçə il öncəki dövrdə bizə stimul verdi. Xüsusilə də, Azərbaycanımızın tarixi günlərində, tarix yazdığı günlərində özümüzü doğrulmağa, hər vasitə ilə xalqımıza yardım göstərməyə çalışırdıq. Düşünürəm ki, bizim, bu dönəmdə xaricdə təhsil alan tələbələrin üzərinə digərlərindən fərqli olaraq, daha çox məsuliyyət düşdü. Çünki xalqımız Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə və təxribatına layiqincə cavab verərək, torpaqlarımızı işğaldan azad edilməsi uğrunda haqq müharibəsinə başladı. Və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz erməni qəsbkarlarını, vandallarını həm cəbhədə, həm də siyasi meydanda məğlub elədi.
Müharibə dövründə xaricdə olmağımıza baxmayaraq, biz də əlimizdən gələni, xüsusilə də informasiya cəbhəsində mübarizə aparmağa başladıq. Həmyaşıdlarımız cəbhədə düşmənlə üz-üzə ölüm qalım savaşındaykən, biz də onların qəhrəmanlıqlarını, tarixi gerçəkliklərini, düşmən vəhşiliklərini dünyaya çatdırmağı özümüzə borc bildik.
Cənab Prezidentimizin bir sözü ilə dünyanın dörd bir tərəfində yaşayan gənclərimizin bir araya gəlib, möhkəm yumruq olmasını, böyük amallar uğrunda eyni hədəfə vurmasını heç vaxt unutmayacağam. Bu mübarizədə digər tələbələrimizlə mənə də mübarizəyə qatılmaq şansı yarandığına çox sevinirəm. Bundan sonra da hər zaman, hər yerdə bayrağımızı uca tutmağa, vətənimi, xalqımı layiqincə təmsil etməyə hazıram!
Qürurluyam ki, AZƏRBAYCANLIYAM!