“İNFONEWS” xəbər verir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilib, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.
Bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib.
İşğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılıb.
Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulan ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi qeyd edilib.