Azərbaycanın ilk maarifci qadını Həmidə Cavanşirin anım günüdür.

 

Dövrünün ictimai xadimi,, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçisi,xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir 1873-cü ildə Kəhrizli kəndində dünyaya gələn və Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab edilən Həmidə xanım tarixçi Əhməd bəy Cavanşirin qızı, Cəlil Məmmədquluzadənin isə həyat yoldaşı olub. Əhməd bəy Cavanşir kimi ziyalının ailəsində dünyaya gələn bu xanım Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına atası qədər can yandırmış, böyük töhfələr vermişdir.

Zəmanəsinin görkəmli maarifçisi, daim yeniliyi, mədəniyyətin təmsilçisi olan Əhməd bəy Cavanşir, eyni zamanda məşhur “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərinin müəllifidir. Belə bir alicənab şəxsin evində doğulan övlad kimi Həmidə xanım öz təhsili, rus dili biliyi, intellekti və dünyagörüşü ilə təbii ki, digər xanımlardan xeyli dərəcədə fərqlənirdi.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatirələrində yazırdı ki, “kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi”. Həmidə xanım qadınların problemlərinin həllinə, onların savadlanmasına xüsusi səy göstərib, hətta gəlin köçən qızlara da cehizlik hədiyyələr ayırıb. Bu xeyriyyəçi xanımın yardımlarına dövrünün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyev və ictimai xadim, siyasətçi Əhməd bəy Ağaoğlu da dəstək olublar.
Həmidə xanım haqqında daha bir həqiqət onun Azərbaycan tarixində ilk məruzəçi qadın olmasıdır. Belə ki, 1912-ci ildə Tiflisdə Zaqafqaziya Seymində Həmidə xanım iri mülkədar kimi Qarabağı təmsil edirdi. Həmin Seym üçün onun çıxışını həyat yoldaşı Cəlil Məmmədquluzadə redaktə edirdi.

82 illik ömrün böyük hissəsini xalqına, el-obasına, inandığı həqiqətə, mübarizəyə sərf edən bu dəyərli Azərbaycan qadını 1955-ci il 6 fevral tarixində gözlərini əbədi yumdu. Lakin geriyə xatirələrdə yaşayan və hər zaman haqqında danışılacaq ibrətamiz həyat hekayəsi qaldı. Bir də öz sərvətindən keçərək himayədar olduğu və bizlərə miras qoyduğu “Molla Nəsrəddin”. Rahat uyu, ey amalı Vətənin işıqlı istiqbalı olan Həmidə xanım Cavanşir! Min illər keçsə də bu xalqın övladları hər zaman xalqın üçün döyünən ürəyinin səsini duyacaq və sənin yolunla gedəcək.

İNFONEWS olaraq,Həmidə xanım Cavanşiri dərin hörmət və izzətlə anırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir