Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İrəli” İctimai Birliyi və “NEN Group” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən “i-Learning Summer School” innovativ öyrənmə proqramı başa çatıb.
“İNFONEWS” xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov iştirakçıları salamlayaraq onları layihənin uğurla başa çatması münasibətilə təbrik edib. “i-Learning Summer School” innovativ öyrənmə proqramının “İrəli” İctimai Birliyinin fərdi təşəbbüslərə dəstək layihələrindən biri olduğu qeyd edən İlqar Axundov bildirib ki, gənclər növbəti fəaliyyət müddətində də öz təşəbüslərini “İdeya Bankı”na müraciət edərək təşkilati dəstək vasitəsilə reallaşdıra bilərlər.
“i-Learning Summer School” layihəsinin rəhbəri Nəbi İskəndərov innovativ öyrənmə proqramının həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna öz minnətdarlığını bildirib. Qeyd olunub ki, layihədə ilkin qeydiyyat, test və müsahibə mərhəsini keçərək layihədə iştiraka vəsiqə qazanmış 22 gənc iştirak edib. Layihənin davamlılığının təmin olunması məqsədilə bu tip innovativ öyrənmə proqramının gələcəkdə də həyata keçiriləcəyi, habelə layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilərək növbəti layihələrdə mentor qismində cəlb olunacağı proqram iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, ümumilikdə 5 gün boyunca, 10 akademik saat müddətində keçirilən təlimlər Yusif İsgəndərovun təqdimatında “Komandanın idarəedilməsi”, Elmin Bağışovun təqdimatında “Zamanın idarəedilməsi”, Nail Məmmədovun təqdimatında “Müsahibəyə hazırlıq”, Azər İsmayılovun təqdimatında “Karyera planlaması” və Günay Nurəliyevanın təqdimatında “Effektiv ünsiyyət zamanı natiqlik bacarıqları və dinləmə texnikaları” mövzularında olub. Təlim müddətində iştirakçılar nəzəri cəhətdən əldə etdiyi bilikləri praktiki tapşırıqlar vasitəsilə tətbiq ediblər. İnnovativ öyrənmə proqramının əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələrin gələcək fəaliyyətində və karyerasında atacağı ilk addımlara təkan vermək, habelə nəzəriyyə və praktikanın vəhdət şəkilində olmaqla, qeyri-formal təhsil metodlarından istifadə etməklə bilik və bacarıqların interaktiv formatda tələbələrə aşılamaqdır.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.