“Məmmədoğlu Group” MMC vətəndaşları necə aldadır..?
Redaksiyamıza vətəndaşların etibarından sui-istifadə edərək, onları aldadan daha bir tikinti şirkəti haqqında hər kəsi şoka salacaq məlumat daxil olub.
Hər zaman vətəndaş müraciətlərinə xüsusi önəm verən “İNFONEWS“ olaraq, bu məsələyə də diqqət ayırmaya bilməzdik. Yazıda adı çəkilən təşkilatla heç bir problemimizin, eləcə də əməkdaşlıq əlaqəmizin olmamasını xüsusilə vurğulamaq istərdik.
Məsələyə aydınlıq gətirək:
“Məmmədoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi tanınan tikinti şirkətinin rəhbəri İlkin Abbasov tərəfindən vətəndaşın aldadıldığını əks etdirən məlumatlar yayılıb.
Həmin məlumatlarda qeyd edilir ki, bir müddət əvvəl İlkin Abbasov ortaq ofis işlətdiyi Fariz Vəliyevə MMC kimi dövlət qeydiyyatına alınıb, informasiya agentliyi yaradıb fəaliyyət göstərmək istədiyini bildirib. Web-sayt hazırlatdıran İlkin Abbasov sayt açılışı üçün buklet, sertifikat, baner və bu kimi çap xidmətlərindən yararlanmaq üçün Fariz Vəliyevə müraciət edərək köməklik istəyib. Zərərçəkmiş Fariz köməklik göstərsə də, İlkin ödənişlərdə problem yaradıb. Sifarişlər hazırlanarkən mətbəə şirkətinin rəhbəri, həmçinin Fariz ödənişləri həyata keçirməyi ilə bağlı sıxıntının olub-olmayacağını soruşsa da İlkin: – “Heç bir problem yoxdur, yanvarın 18-nə kimi ödənişi həyata keçirəcəyəm”, – deyib.
Həmçinin qeyd edilir ki, İlkin Abbasov 1 aydan çoxdur ki, həmin mətbəə şirkətinə ödənişlə bağlı bir sıra bəhanələr gətirir və heç bir zənglərə cavab vermir.
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hələ də ödənişləri həyata keçirməyib.
Məsələ ilə bağlı mövqelərini öyrənmək üçün adı keçən təşkilatla və şəxsən təşkilatın rəhbəri İlkin Abbasovla əlaqə saxlamağa çalışsaq da, bu cəhdimiz uğursuz oldu.
Bundan əlavə məlumatlarda adıçəkilən şəxsin sahib olduğu “Məmmədoğlu Group” MMC-nin öhdəliyində olan evlərin tikintisi üçün ayrılmış pulların bir qisminin mənimsənildiyi də deyilir. Hələ bu azmış kimi, həmin şəxs işçilərin əmək haqqını ya heç vermir, ya da süründürməçiliklə gecikdirir, evlərin də təmir pullarını ya heç köçürmür, ya da ən azı 6 ay gecikdirir.
Dəfələrlə müştərilərdən ofisə şikayət üçün gələnlər də olub.
Qarşı tərəfin mövqeyi olarsa, işıqlandırmağa hazırıq.