“İslam inqilabının İrana və bəşəriyyətə gətirdiyi faciəni qələmə aldım”

“İslam inqilabının İrana və bəşəriyyətə gətirdiyi faciəni qələmə aldım”

Viktor Hüqo “Səfillər” romanını on yeddi ilə, Boris Pasternak “Doktor Jivaqo”nu on ilə yazıb, eləcə də Lev Tolstoy “Hərb və Sülh”ü on dörd variantda yazsa da, yalnız sonuncunu oxucuların ixtiyarına verib. Qabriel Qarsia Markes “Patriarxın payızı” romanına “Yüz il tənhalığı”ndan əvvəl başlayıb, Nobel mükafatı alıb və bundan sonra yenə o əsərə geridönüş edibki, əsərin tamamlanması uzun zaman çəkib. Nəzərə alsaq ki, “böyük” əsərlər, “beş günlük” olmayan əsərlər tez-tələsik yazılmır, mən də bu romanımı on iki il müddətinə ərsəyə gətirmişəm.

“İNFONEWS” xəbər verir ki, bunu hazırda Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan, İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin üzvü, tanınmış yazıçı, şair və publisist Eluca Atalı (Mədinə Hüseynova) “İran hizbullah zindanında” kitabının təqdimat öncəsi söyləyib.

“Mənim romanımın yazılma tarixindən bəhs etsəm, özü bir tarix mövzusu olar. 2011- ci ilin payızında yazmağa başladım, 2014-də bu bəlalı roman və digər bir kitabım təsadüfən kompyüterdən silindi. Kitabdan yalnız üç bölmə “Xomeyni ilə varisin söhbəti”, “Urmuda yanan yaşıl İran ideyası” və “Zindanda qızlıq gözaydınlığı” qaldı. Həmin dönəmdə bu bölmələr çox yayımlandı və “kitabı hardan, necə əldə edib oxuya bilərik” kimi oxucu müraciətləri ilə davamlı qarşılaşdım. Deyərdim ki, durmadan əsərin tam variantını, mövzunun ideyası və bədii üslubunu beynimdə götür-qoy edirdim. Və illərlə düşündüyüm ideyanı, nəhayət, 2021-ci ilin fevralında ciddi şəkildə kitab halına salmağa başladım, on səkkiz ay var gücümlə işlədim. Həqiqətləri bədii ədəbiyyatın sehri, obrazların dili ilə bacardığım qədər asanlaşdıraraq oxucularıma çatdırmağa çalışdım. İslam inqilabının İrana və bəşəriyyətə gətirdiyi faciəni qələmə aldım”, – deyə Eluca xanım əlavə edib.

Həmçinin yazıçı 26 fevralda Bakıya gələcəyini və 28 fevralda “Qanun” nəşriyyatı tərəfindən keçiriləcək “İran hizbullah zindanında” kitab təqdimatı barədə danışıb, bütün yaradıcılığını izləyənləri, sevimli oxucularını təqdimata dəvət elədi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir