Azərbaycanlı məşhurlardan Türkiyəyə YARDIM – SORĞU
Doqquz gündür Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yaranan mənzərə hələ də acınacaqlı olaraq qalır. Həlak olanların sayı gün keçdikcə daha da çoxalır. Dünyaca məşhurlar da daxil olmaqla, azərbaycanlı məşhurlar da zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün sosial mediada paylaşımlar edirlər.
Bəs maraqlıdır, azərbaycanlı məşhur nümayəndələr qardaş ölkənin insanlarına hansı yardımları edib?
İNFONEWS bu barədə sorğu keçirib. Cavabları təqdim edirik:
Xalq şairi Nəriman Həsənzadə:
“Türkiyədə baş verən zəlzələ məni dərindən sarsıtdı. Qardaş ölkənin acısını öz acım kimi yaşayıram. Maaşımı Tükiyədə zərər çəkən insanlara göndərdim. 1000 manata gücüm çatdı”.
Xalq artisti Brilliant Dadaşova:
“Türkiyənin mobil operatorlarından SMS vasitəsilə maliyyə yardımı etmişəm. Azərbaycanda da humanitar yardım aksiyasına qoşuldum. Türkiyədə zəlzələdən zərər çəkən insanlara Allah kömək olsun”.
Müğənni Damlanın prodüseri:
“Kömək edib etməyəcəyəcimizi media-ya açıqlamaq istəmirik. Bunu demək günahdır”.
Bir müddətdir mətbuata açıqlama vermək istəməyən müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında insanları yardım aksiyasına qoşulmağa səsləyib. O, türkiyəli qardaşlara dualar etdiyini və insanların mümkün qədər yardım aksiyasına dəstək olmasının vacib olduğunu bildirib.
Aparıcı Xoşqədəm Baxşəliyeva həyat yoldaşı, sənətçi Doğuş ilə birgə Türkiyədə zərərçəkən min ailəyə yardım etdiyini açıqlayıb:
“Yata, yemək yeyə bilmirəm. Orada mənim də uşaqlarım, yaxınlarım ola bilərdi. Əlimdən gələn yardımı etdim”, – deyə, bildirib.
Oğuz Ayvaz