Şəkidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq, martın 9-da Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Baş Prokurorluqdan “İNFONEWS”-a verilən məlumata görə, konfransda Şəki, Qəbələ, Oğuz, Qax, Balakən, Zaqatala rayon və Zaqatala hərbi prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə orqanları, icra hakimiyyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.
Daha sonra konfrans iştirakçıları Şəki rayon Heydər Əliyev mərkəzində olub, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara Ulu Öndərin həyat yolu barədə məlumatlar təqdim olunub.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şəki rayon prokuroru Mehman Xankişiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.
Daha sonra Şəki rayon İcra Hakimiyyəti Başçısı Elxan Usubov, Zaqatala rayon prokuroru Rasim Musayev, Zaqatala hərbi prokuroru Elşən Əli-Məmmədov, Qax rayon prokuroru Rəşad Bəşirov, Balakən rayon prokuroru Qoşqar Əhmədov, Oğuz rayon prokuroru Emil Kərimovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Şəki rayonuna diqqət və qayğısı barədə çıxışları dinlənilib.
Konfransın yekununda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.