Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi
Dövlət İmtahan Mərkəzi martın 12-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
“İNFONEWS” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.
Qeyd olunan halla bağlı araşdırılma davam edəcək. Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır.
Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplamışdır. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparlır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə tövsiyə edirik ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.