Bu məhsullar üzrə aparılan yoxlamaların nəticəsi AÇIQLANDI
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrasını davam etdirir.
“İNFONEWS” – un Agentliyin İnformasiya Təminatı və Innovativ Həllər şöbəsindən əldə etdiyi məlumatına görə, bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.
6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla yanaşı Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.