“Fevralın 15-dək ənənəvi təhsilə qayıtmaq istəyirik”
“İNFONEWS” xəbər verir.
Əgər yoluxma dinamikası imkan verərsə, fevralın 15-ə qədər ənənəvi təhsilə qismən də olsa qayıtmaq istəyirik.
Bunu təhsil naziri Emin Əmrullayev “FACEBOOK”da sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, valideynlərin əksəriyyəti məktəblərin açılmasına daha çox müsbət reaksiya verir: “Bəzi valideynlər isə bu cür açılışın əleyhinədir. Əyani dərsdə şagirdin iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir. Övladının əyani təhsildə iştirakını istəməyən valideynlər məktəbə müraciət edib “İltizam sənədini” imzalamalıdır”.
E.Əmrullayev qeyd edib ki, mümkün şəraitdə dərslərin bərpa edilməsinə çalışırlar: “Bu dövrdə bizim ən böyük problemimiz şagirdlərin sosial-emosional inkişafıdır. Şagirdlər ünsiyyətdə olsunlar və evdə oturmasınlar. Tədricən ənənəvi təhsilə qayıda bilərik. Bu, təbii ki, yoluxma sayından asılı olacaq. Vaksinasiya başlanılıb və bir neçə min tibb işçisi vaksinasiya olub”.