Ürəyimsiz kəlmə yazan deyiləm. Nə qədər ki, öz əlimdi yazanım

 

“İNFONEWS” xəbər verir ki, xalq şairi Musa Yaqub özünün FACEBOOK sosial şəbəkəsi hesabında yeni şeirini paylaşıb.

Ürəyimsiz kəlmə yazan deyiləm.
Nə qədər ki, öz əlimdi yazanım.
#MəmmədAraz
Bir eşqimə hicran möhrü basılmış,
Heç bilmirəm necə yazmış yazanım.
Səhvim var ki, bəxtimə də yazılmış,
Daha onu poza bilməz pozanım.
Mən yuxumda Araz olub axırdım;
O sahildən Şəhriyarı çağırdım.
O gələrmi, boz yollara baxırdım…
Bu yuxumu yozsun yuxuyozanım.
O kimdir ki, o ağlasa gülərəm,
Hiyləsini gözlərindən bilərəm.
Düşmən olsa öhdəsindən gələrəm,
Dost olmasa mənə quyu qazanım.
Bitməz sözü eşqi, dili əyrinin,
Kəsilər bu gəlhagəli əyrinin.
Yüz yaşayan ayı, ili əyrinin
Yüz ilindən yaxşıdır bir düz anım.
Min əyilib əyri ada çatınca,
Halalıma haram tikə qatınca,
Nasaz olub pərqularda yatınca
Sağlam olub daş üstündə uzanım.
Bəzən zaman mərd işini nəhs elər,
Palıd yenə tufanlarla bəhs elər.
Əl uzadıb tərəzimi əysələr,
Ürəyimdə heç pozulmaz mizanım.
Dostlar gəlib mənə sevinc gətirmiş,
Təbiət də ruzusunu yetirmiş.
Süfrəmi də torpaq özü bitirmiş,
Bulaqlar da mənim qaynar qazanım.
Mənim könlüm yad səslərə satılmaz,
Şöhrət üçün hər məclisə atılmaz.
İlhamıma yad nəfəsi qatılmaz,
Təbiətdir ilk ustadım, ozanım.
“Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdir yazanım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir