Araz Supermarket müştərilərin pulunu mənimsəyir?
“Siz harada, Araz orada!” və “Yurdumuzun doğma marketi “Araz” Supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini hər şeydən üstün tutur!” devizi ilə xalqa, öz sözləri ilə desək “xidmət” edən “Araz” Supermarketlər şəbəkəsi barədə son dövrdə narazılıqlar yaranıb. Maraqlıdır, ölkənin ən böyük market şəbəkələri arasında öz xüsusi yeri olan sözügedən qurum müştərilərin şəxsi vəsaitlərini mənimsəyir? Hər gün əhalinin olduqca böyük hissəsindən gəlir əldə edən bu qurum müştərinin şəxsi vəsaitinə möhtacdırmı? Niyə müəssisənin işinə aidiyyatı orqanlar tərəfindən yetərincə nəzarət olunmur?
Hər zaman vətəndaş müraciətlərinə xüsusi diqqət yetirən “İNFONEWS” olaraq, bu məsələyə də diqqət ayırmaya bilməzdik. Redaksiyamıza daxil olmuş vətəndaş müraciəti bizi bu yazını dərc etməyə vadar etdi. Qeyd etməliyik ki, biz özümüz də “Araz” Supermarketlər şəbəkəsinə məxsus olan mağazaların daimi müştəriləriyik və gündəlik alış-verişi oradan edirik.
Keçək mövzuya:
Əminik ki, əgər Araz Supermarketlər şəbəkəsinin müştərisisinizsə, danışacağımız problemlə azı bir dəfə də olsun qarşılaşmış olarsız. Belə ki, endirim kampaniyasını eşidib gəlib alış-veriş edirsiz, aldığınız məhsulların ödənişini nağdsız etmək istədiyinizi bildirirsiz və ödənişi edirsiz. Bankdan sizə mesaj gəlir ki, ödəniş çıxıldı. Hətta buna dair cashback məbləği də verilir sizə. Amma…
Bax burda “Kərəmi ağlamaq tutur”. Nə baş verir?
Buyurun deyək: kassir sizə deyir ki, ödəniş baş tutmadı. Necə? Nə cür? Axı məndən ödəniş çıxılıb..! deyə nə qədər vaxt itirsəniz də nə qayrət… Elə Nuh deyib Peyğəmbər demirlər ki, demirlər. Kassir bəy deyir ki, “ödəniş bizə keçməyib, pos-terminallarda problem var, ödənişi nağd edib məhsullarınızı götürə bilərsiz”. Nə qədər də ödənişin səndən tutulduğunu desən, bankın mesajını göstərsən də elə bil yad dildə danışırsan. Deyirlər ki, o sənin bankının problemidir. Bizə ödəniş keçməyib, bankınıza müraciət edərsiz problemi həll edərlər. Məcbur olub nağd ödəniş etməli olursan ki, endirimdən yararlanıb 1-2 manat “qabağa düşəsən”. Amma 1-2 manat “qabağa düşəcəyin” yerdə, adığın məhsulların məbləği qədər “arxaya düşürsən”.
Əvvəla əgər pos-terminal işləmirsə, niyə market fəaliyyət göstərir? Bəs bu vəziyyətə qanunvericilik nə deyir? Baxaq:
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 58.7.
POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İkinci, vətəndaşdan bank durduğu yerdə ödəniş tutubki, vətəndaş banka müraciət etsin, saatlarla növbələrdə gözləsin, məsələ aylarla araşdırılsın və s.? Probleminiz var, müştərinin xeyirinə həll edin..! Həmdə ödənişi bir dəfə nağdsız almısız axı, ikinci dəfə niyə NAĞD almağa təkid edirsiz? Məqsəd nədir? Çox ama çox maraqlıdır… Söhbət ölkənin ən aparıcı marketlər şəbəkəsindən gedirsə, o boyda şəbəkəni kasıb bir müştərinin şəxsi vəsaitini mənimsəməyə nə vadar edə bilər? Gəlir əldə etmək?! Ola bilməz axı, hörmətli inzibatçılar..! Buna “əhalinin cibinə girmək” və istehlakçıların hüquqlarını kobud şəkildə “tapdamaq””dan başqa nə ad qoymaq olar?! Biz tapa bilmədik, siz ad qoya və ya biraz da dəqiqləşdirsək “don geyindirə” bilirsinizsə buyurun, söz sizdədir. Amma Allah var, mübarək Ramazan ayındayıq bəlkədə həqiqətən texniki səhv olub, əgər helədirsə, sübutlarla birgə münasibətinizi göndərin, işıqlandırmaq bizim boynumuza… Amma olmayıbsa, aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi tədbir görsə, lap yerinə düşər…
“İNFONEWS”-a daxil olmuş foto faktlardan açıq şəkildə görsənir ki, hadisə Araz Marketə məxsus Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ Cəfər Xəndan ev 1 ünvanında yerləşən 1001994141-10006 nömrəli obyektdə baş verib. Məlumat üçün qeyd edək, satış çeki № 580830, 16.04.2023 10:37 ödəniş nağd. Amma nə hikmətdirsə, 6898447688 nömrəli bank qəbzinə əsasən eyni məbləğ, həmin ünvanda, həmin saatda kartdan çıxılıb və hələ cashback də qaytarılıb.
Bildiyiniz kimi, biz heç vaxt daxili araşdırma aparmadan, faktsız-sübutsuz yazı dərc etmirik. Buyurun, siz də araşdırın. Əminik ki, bizimlə razılaşacaq və münasibətinizi dərc etməyimiz üçün təqdim edəcəksiniz.
Həmişə olduğu kimi bir daha bəyan edək ki, bizim qarşı tərəflə hər hansı şəxsi problemimiz yoxdur, ola da bilməz. Vətəndaş müraciətidir və dərc etmək bizim borcumuzdur.
Qarşı tərəfin mövqeyi olarsa, işıqlandırmağa həmişə hazırıq.
P.S. Vətəndaş müraciətinin sonunda xahiş edir ki, Pasxa bayramı münasibətilə etdiyiniz bu endirimlərin daha da böyüyünü müqəddəs Ramazan bayramında da edərsiz… Əminik ki, edəcəksinizdə…
Fotofaktları təqdim edirik: