Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər.
İNFONEWS xəbər verir ki, Türkiyənin Qars şəhərində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola salınıb.
Təlimə cəlb edilmiş hərbi qulluqçuların və texnikaların Qars şəhərinə yola salınması münasibətilə mərasim keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov hər iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan və keçirilən birgə təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır