Gənclər Kitabxanasında Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı GÖRÜŞ
23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti Respublika Gənclər Kitabxanasında qonaq olublar.
“İNFONEWS” xəbər verir ki, kitabxananın direktoru Aslan Cəfərov məktəbliləri salamlayaraq, onlara kitablardan və mütaliədən faydalanmaq məqsədilə təsis edilən Dünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti haqqında məlumat verib.
Kitab və kitab nəşrinin əsrlərə arxalanan uzun tarixi inkişaf yolu keçdiyini söyləyərək, keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü rolunu oynayan kitab və mütaliənin faydaları haqqında danışıb. İnsanın vətənə, cəmiyyətə faydalı fərd kimi yetişməsində, elmi biliklərə yiyələnməsində kitabların müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Bu gün hər bir məktəblinin, Azərbaycan gəncinin öz tarixini, qədim keçmişini, ədəbiyyatını, mədəniyyətini yüksək səviyyədə bilməli olduğunu və bu işdə onlara ilk növbədə kitabların və mütaliənin yardımçı olacağını söyləyib.
Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva məktəblilərə kitabxananın fəaliyyəti, ondan istifadə qaydaları, elektron xidmətləri haqqında geniş məlumat verərək, böyüməkdə olan gənc nəslin mütaliəyə maraq göstərməsi istiqamətində bu səpkili görüşlərin əhəmiyyətini vurğulayıb.
211 nömrəli tam orta məktəbin kollektivi “Mən oxudum, sən də oxu” kompozisiyası çərçivəsində 23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü haqqında təqdimatlarla çıxış edib, kitab, mütaliə, biliklərə yiyələnməyin faydası haqqında Azərbaycan, ingilis və rus dillərində şeir parçaları, müdrik kəlamlar səsləndiriblər.
Görüşdə kitabxana əməkdaşları tərəfindən 23 Aprel –Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar hazırlanan videomaterial nümayiş olunub, kitabxanaya yeni daxil olan ədəbiyyat nümunələri haqqında məktəblilərə məlumat verilib.
Sonda 211 nömrəli tam orta məktəbin kitabxanasına kitab hədiyyə edilib.