Bu gün dünyada Beynəlxalq Çin Dili Günü kimi qeyd edilir
Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür. Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilib. Bu təşəbbüs çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək və BMT-də altı rəsmi dildən bərabər istifadəni təşviq etmək məqsədi daşıyır. Bu əlamətdar gün insanların Çin mədəniyyətini anlamaq üçün bir pəncərəyə çevrilib. Hər il Çin Dili Günü ərəfəsində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında incəsənət sərgiləri, Çinı öyrənmə forumları, xüsusi mühazirələr, moda və ənənəvi opera sərgiləri və s. əhatə edən bir sıra rəngarəng tədbirlər təşkil olunur. Bundan əlavə, BMT-nin müxtəlif ölkələrdəki ofisləri və agentlikləri də Çin dilinin və Çin mədəniyyətinin cazibəsini vurğulamaq üçün sərgilər, mühazirələr, maraqlı viktorinalar keçirirlər.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycanla Çin arasında humanitar sahədə əməkdaşlıq yüksək templə inkişaf etməkdədir. Bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır. Hələ 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dövlətimizin başçısı “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıb. Məhz bu sənəd gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq məqsədilə 2016-cı ildə Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutu yaradılıb. Bu institutun əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətini daha geniş təbliğ etməkdir. Azərbaycanın Çinlə siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdiyi bir zamanda ölkəmizdə Çin dilinə maraq artmaqdadır. Xüsusən Azərbaycan gəncləri, tələbələr arasında Çin dilinə maraq ildən-ilə artır. Çin son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini çəkən ölkələrdən birinə çevrilib. İqtisadi cəhətdən inkişaf etməsi bu dövlətin digər sahələrdə də önə çıxmasına səbəb olub. Son statistikaya görə, Çin dili dünyada ən çox yayılan dil hesab olunur. Ümumilikdə 38 əyalətdə 1 milyard 299 milyon insan Çin dilində danışır. Çin dilinin daxilində qan, hakka, huizhou, cinyu, mandarin, min bei, min donq, min nan, min zhong pu-xian, Wu, xiang və yue kimi fərqli ləhcələri var. Ən çox istifadə olunan ləhcə isə mandarindir.
Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilir. Azərbaycanda bu dilin öyrənilməsi üçün metodik vəsaitlər, proqramlar nəşr olunub və ADU tərəfindən ilk “Çin dili” dərsliyi hazırlanıb.