“Heydər Əliyev – 100” : “Əvəzsiz Lider” – YENİ KİTAB VAR
İnqilablar və müharibələr əsri kimi yaddaşlarda yaşayan XX yüzillikdə dahi şəxsiyyətlər elə də çox olmamışdır. Bu yüzillik repressiya və ölüm hökmü vermiş siyasət adamları ilə daha çox yadda qalmışdır. Yaxşı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev XX əsrdə doğulmuşdur, yoxsa bu əsr tarixin qara səhifəsində həmişəlik xəcalətli yaşamalı olacaqdı.
“İNFONEWS” xəbər verir ki, bu fikirlər yazıçı-publisist Vüqar Sərdarovun yenicə çapdan çıxmış “Əvəzsiz Lider” kitabında yer alıb. Müəllif bu kitabı ərsəyə gətirməkdə məqsədini belə izah edir: “Məqsədimiz XX əsrin müqayisəsiz, analoqsuz siyasi xadimi Heydər Əliyevə olan borcumuzu qismən ödəməkdir. Amma düşünmürük ki, bizlər ömrümüzün sonuna kimi bu borcu cüzi də olsa ödəyə bilək…”
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bu kitab Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə açılır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc nəşrə “Ön söz”də yazır: “Əvəzsiz Lider” kitabı məhz bu Sərəncamdan ruhlanaraq yazılmış və çapa hazırlanmış sənət əsəridir. Kitab Ümummilli Lider Heydər Əliyevin həyatına və ictimai, siyasi fəaliyyətinə həsr edilmişdir.
Bu kitabın vasitəsilə Heydər Əliyev dühasının, müdrikliyinin şahidi olmaq xoşbəxtliyini qazanacaqsınız. Hesab edirəm müəllif qarşısına qoyduğu məqsədə çatmış və oxucularını Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə yaxından tanış edə bilmişdir.
“Heydər Əliyev İli” ilə əlaqədar olaraq yazılan bütün kitablar işıq üzü görəcək sənət əsəri kimi çox qiymətlidir, bunu unutmaq olmaz. Amma bu kitabın əsas özəlliyi ondan ibarətdir ki, sadə və oxunaqlı dillə qələmə alınmışdır. Kitab başdan-başa faktlarla, real hadisələrlə zəngindir. Bu isə oxucunun daha çox diqqətini cəlb edən amildir”.
Kitabda Heydər Əliyevin Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsindən başlayaraq, fəaliyyətinin Moskva dövrünə, habelə Naxçıvanın xilaskarı missiyasına, Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi mühüm tədbirlərə nəzər salınır. “Müstəqil Azərbaycan dövlətinin qurucusu” bölməsində qeyd edilir ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli dövlətçilik ideyasının bərqərar olması və vətəndaş cəmiyyətinin təşəkkülü, xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərinə qayıdışı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, elm, təhsil və mədəniyyətin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Milli dövlət quruculuğunun elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev irsinin, onun misilsiz töhfəsinin şahidi olmayaq”, – yazan Vüqar Sərdarov Ümummilli Liderin genişmiqyaslı fəaliyyətini ətraflı işıqlandırıb. Bu baxımdan “Müasir hüquqi sistemin banisi”, “Xarici siyasətin Heydər Əliyev modeli”, “Daxili İşlər Nazirliyi Heydər Əliyevin dövründə”, “İqtisadi islahatlar Heydər Əliyev siyasətinin prioriteti kimi”, “Xarici siyasətin Heydər Əliyev modeli”, “Azərbaycan diasporunun formalaşması və inkişafında Heydər Əliyevin rolu” başlıqlı bölmələr diqqət çəkir. Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət, təhsil və gənclər siyasətini də faktlar əsasında təqdim edib.
Qeyd edək ki, Vüqar Sərdarov Bakıda ziyalı ailəsində anadan olub. 1998-ci ildən 2022-ci ilin mart ayına qədər Azərbaycan Respublikası daxili işlər orqanlarında çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, həmçinin Gürcüstan və Qırğızıstan Yazıçılar birliklərinin üzvüdür. Onun 14 elmi-publisistik və bədii kitabı nəşr olunub.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktor müavinidir.