“Gizli imzalı məqalələr (1945-1946)” – YENİ KİTAB VAR
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Rəhim Əliyevin ideya müəllifliyi və tərtibçiliyi ilə Mir Cəfər Pişəvərinin “Gizli imzalı məqalələr (1945-1946)” kitabı çapdan çıxıb.
“İNFONEWS” – un İnstitutdan əldə etdiyi məlumatına görə, Rəhim Əliyev kitaba “M.C.Pişəvəri “Azərbaycan” qəzetində və ya gizli “Novruz” imzası haqqında” adlı geniş “Ön söz” yazıb. Kitabın redaktoru həmin şöbənin böyük elmi işçisi Elmira Bağırovadır. Məqalələri ərəb əlifbasından Hökümə Allahverdiyeva, farscadan İbrahim Quliyev, Yədulla Kənani, Arif İbrahimov, Hökümə Allahverdiyeva və Həsən Səfəri çeviriblər.
Yeni kitabdakı əsas məqalələr M.C.Pişəvərinin açıq imzası ilə ilk dəfə çap olunur və 1945-ci ilin sentyabr-dekabr aylarında yazılıb. M.C.Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxıb. “Gizli imzalı məqalələr” kitabında ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə səksən il əvvəl dərc edilmiş ana dilində və farsca məqalələrin tərcümələri yer alıb. Yeni nəşrdə, həmçinin M.C.Pişəvərinin Şeyx Məhəmməd Xiyabani haqqında böyük və naməlum araşdırması da verilib.