Pakistanda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi və konsert təşkil olunub

Pakistanda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi və konsert təşkil olunub

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə sərgi və konsert proqramı təşkil edib.

“İNFONEWS” xəbər verir ki, sərgidə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, habelə Pakistana rəsmi səfərini əks etdirən fotolar nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirin açılış hissəsində çıxış edərək, müasir Azərbaycanın tarixinin, inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövrü barədə danışıb.

X.Fərhadov Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında, təhsildə, mədəniyyətdə və digər mühüm sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb. Məhz o dövrdə ölkəmizin müstəqilliyinin möhkəm təməlinin qoyulduğunu, milli ruh və azərbaycançılıq məfkurəsinin yüksəlməyə başladığını qeyd edib.

Kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımların atıldığını, hər il yüzlərlə gəncin müxtəlif mühüm ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl universitetlərinə göndərildiyini xatırladan diplomat 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbulunun və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin də məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri olduğunu xüsusi vurğulayıb.

Azərbaycana rəhbərliyinin ikinci dövrünə nəzər salan söz açan X.Fərhadov 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunduğunu xatırladıb, həmin dövrdə ölkəmizin vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığını, həmçinin siyasi və iqtisadi tənəzzülün dərinləşdiyini qeyd edib.

Bu çətin dövrdə Azərbaycan xalqının təkidi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdıran səfir məhz Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin vətəndaş müharibəsi, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olunaraq dirçəliş yoluna çıxdığını xüsusi vurğulayıb.

X.Fərhadov çıxışı əsnasında Azərbaycan-Pakistan münasibətlərindən danışaraq bu əlaqələrin inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Heydər Əliyevin Pakistana böyük əhəmiyyət verdiyini qeyd edən səfir Ümummilli Liderin 1996-cı ildə bu ölkəyə rəsmi səfərini xatırladıb və bu səfərin Azərbaycan-Pakistan əlaqələrinin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərinə Prezident İlham Əliyev tərəfindən də xüsusi diqqət yetirildiyini bildirib və bu diqqətin bariz nümunəsi olaraq iki ölkə arasındakı yüksək səviyyəli əməkdaşlıq əlaqələrini qeyd edib.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərindən, xidməti fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir