Hərbi İnstitutda elmi-praktik SEMİNAR və jurnal TƏQDİMATI
Heydər Əliyev adına Hərbi İnstitutda “Elmi məqalələrin yeni tələblərə uyğun yazılması və tərtib edilməsi” mövzusunda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib.
“İNFONEWS” -un Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, seminarda nazirliyin nümayəndələri və Hərbi İnstitutun zabit, professor-müəllim heyəti iştirak edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru general-leytenant, professor Heydər Piriyevin təbriki seminar iştirakçılarının və jurnalın redaksiya heyətinin diqqətinə çatdırılıb, tədbirin işinə və redaksiya heyətinə uğurlar arzulanıb.
Sonra “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci sayının hazırlanması ilə bağlı görülmüş işlər, təqdim olunmuş məqalələrlə bağlı geniş hesabat məruzəsi dinlənilib. Seminarda elmi məqalələrin yeni tələblərə uyğun yazılması, tərtib edilməsi, mövcud norma və prinsiplər, müasir yanaşmanın tətbiqinin vacibliyi, bu istiqamətdə müəllifin əsas vəzifələrinin müəyyənləşməsi haqqında məlumatlar seminar iştirakçılarına geniş izah olunub.
Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutun “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci nömrəsinin slayd-təqdimatı olub və jurnalın texniki xüsusiyyətləri, forma və məzmunu barədə məlumatlar verilib.
Çıxış edənlər seminarla və “Elmi Əsərlər” jurnalı ilə bağlı fikirlərini bölüşüb, müzakirələr aparıb, təklif və tövsiyələrini bildiriblər.