İordaniyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Mayın 28-də İordaniyanın paytaxtı Əmmanda yerləşən “Grand Hyatt” mehmanxanasında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən bildiriblər ki, bu ölkənin XİN-in əməkdaşları, əksər ölkələrin Krallıqda akkreditə olunmuş diplomatik missiya rəhbərləri və diplomatlarının, eləcə də bu İordaniyanın hüquqi məsələlər üzrə dövlət naziri xanım Nensi Nimruqanın, ölkədə böyük nüfuz sahibi olan, sabiq Baş nazir Əbdülrauf ər-Ravabidehin, Nümayəndələr Palatasının sədri və Palatada Asiya və Okeaniya ölkələri ilə dostluq assosiasiyasının rəhbəri və üzvlərinin, Palatanın Xarici Əlaqələr Komitəsinin sədri və üzvlərinin, senatorların, İordaniya İş Adamları Assosiasiyasının sədri və təmsilçilərinin, digər hökumət nümayəndələrinin, habelə rəsmi “Petra” agentliyinin, “əd-Dustur” və “ər-Ray” hökumət qəzetlərinin, “əl-Ğad” və “əl-Ənbat” rəsmi qəzetlərinin, elektron xəbər resurslarının redaktor və jurnalistlərinin, Azərbaycan diasporunun nümayəndələrinin qatıldıqları tədbir İordaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən səfir Eldar Səlimov Müstəqillik Gününün tarixi haqqında qısa və dolğun məlumatlar təqdim edib, cəmi 23 ay yaşamış bu gənc dövlətin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərə nəzər salıb.
Sovet İttifaqının çöküşü ərəfəsində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın yenidən təhlükə ilə üzləşdiyini xüsusi qeyd edən səfir vurğulayıb ki, həqiqi müstəqilliyimizin bərqərar olması məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra başlayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu siyasi kursun bəhrələri üzərində ətraflı dayanıb.
Səfir E.Səlimov Azərbaycan dövləti və xalqının son üç il ərzində dövlət müstəqilliyini ikiqat sevinclə qeyd etdiyini vurğulayaraq, bu sevincin məhz İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə şanlıl Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə bağlı olduğunu, Azərbaycanın postmünaqişə dövründəki başlıca məqsədinin regionda sülh, əmin-amanlıq və sabitliyin bərqərar olmasından ibarət olduğunu qeyd edib. O, həmçinin bu gün azad edilmiş torpaqlarımızda geniş bərpa və yenidənqurma prosesinin həyata keçirildiyi bildirilib.
Dost Haşimilər Krallığı ilə qarşılıqlı əlaqələrdən danışan diplomatımız bu əlaqələrin güclü əsasının məhz Ulu Öndər Heydər Əliyev və Kral Əl-Hüseyn ibn Talanın 1994-cü ildə hazırkı İslam Əməkdaşlıq Təşkilatınlın Kasablanka Sammiti çərçivəsində tarixi görüşündə qoyulduğunu, bu gün həmin əlaqələrin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olduğunu diqqətə çatdırıb.
2023-cü ilin dost ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etdiyini söyləyən səfir qeyd edib ki, ötən üç onillik ərzində əlaqələrimiz qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq əsasında təşəkkül tapıb.
Tədbirdə əsas qonaq qismində iştirak edən dövlət naziri N.Nimruqa çıxşında Azərbaycan Prezidenti İlham Əliyevi və qardaş Azərbaycan xalqını bu əlamətdar tarixi gün münasibətilə İordaniya hökuməti adından təbrik edib, ən xoş arzularını çatdırıb, qardaş ölkəmizə müdrik dövlətimizin başçısının rəhbərliyi altında yeni böyük uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Ziyafətdə Müstəqillik Gününə, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına və dövlətimizin gözəl füsunkar təbiətinə aid videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi öz tviter hesabı üzərindən Azərbaycan dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Onu da qeyd etmək lazımdır ki, səfirlik tərəfindən təşkil edilən rəsmi qəbul zamanı paytaxt Əmmanın ən müasir və əzəmətli körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.