TARİXİMİZƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN – “Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
Tariximizə qızıl hərflərlə yazılan – MİLLİ QURTULUŞ GÜNÜ
Hər bir xalqın taleyində böyük əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürümüşdü.Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı.
Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir dövrü hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü.
Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan dəyərli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər.
1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.
1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.