Sürücülər üçün “Smart Glasses for Drivers” layihəsi başa çatıb
Sürücülər üçün ağıllı eynəklər hazırlanacaq – “Smart Glasses for Drivers” layihəsi başa çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə sürücülərin həyat təhlükəsizliyinin təmini məqsədilə “Smart Glasses for Drivers” layihəsi başa çatıb.
“İNFONEWS” xəbər verir ki, layihə çərçivəsində hazırlanacaq ağıllı eynəklər xüsusi sensorlarla təchiz olunacaq. Belə ki, quraşdırılan sensorlar göz qapanma sistemi (eye-blink) vasitəsilə baş verə biləcək xoşagəlməz hallar (huşunu itirmə, yuxulama, ürək tutması və s.) zamanı siqnal sistemi işə düşərək, sükan arxasında olan sürücünü xəbərdar edir və bununla da yarana biləcək təhlükənin qarşısı alınır. Bununla yanaşı, layihə çərçivəsində sürücünün qan təzyiqi, ürək döyüntüsü və hadisənin baş verdiyi yer barədə məlumatların ağıllı eynək tərəfindən yaxınlıqdakı xəstəxanaya məlumatların göndərilməsi də təmin ediləcək.
Həmçinin diqqətə çatdırılıb ki, layihə çərçivəsində hazırlanacaq veb-sayt eynəyin identifikasiya nömrəsini daxil edərək onun tərəfindən qeydə alınmış tibbi məlumatlara istifadəçilərin çıxışına imkan verir. Layihənin prototip səviyyəsinin gələcəkdə avtomobillər üzərində sınaqdan keçirilməsi nəzərdə tutulur. Həmçinin fəaliyyət müddətində bu sahədə çalışan şirkətlər və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində “Smart Glasses for Drivers” layihəsinin daha da geniş formatda icrası həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mexatronika ixtisasının tələbəsi Səyyad Əhədlinin rəhbəri olduğu “Smart Glasses for Drivers” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.