“Son illərin ən ciddi mədəni hadisəsi …” – Millət Vəkili
Son illərin ən ciddi mədəni hadisəsi müxtəlif məkanlarda keçirilən kitab sərgiləridir. Həm Mədəniyyət Nazirliyi, həm də başqa kitab nəşriyyatlarının təşkilatçılığı ilə keçirilən bu sərgilər ölkədə kitaba həvəsi xeyli artırıb.
“İNFONEWS” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz sosial şəbəkə hesabında yazıb.
“Regionlarda da kitab həyatında bir canlanma hiss olunur. Bu günlərdə Bakı Ekspo Mərkəzində keçirilən kitab sərgisində çox zövqlü və faydalı anlar yaşadıq. Çoxlu kitab aldıq, kitabımızın təqdimatını etdik, ayrı-ayrı təqdimatlarda iştirak etdik. Mədəniyyət nazirinin şəxsən bütün kitab sektorlarına yanaşıb söhbətləşməsi də çox faydalı və önəmli idi. Kitabsevərlərin sayının artması, kitab sənayesinin dirçəlişi bu məmləkətin tərəqqisinin əsas şərtidir” – Fazil Mustafa əlavə edib.
Qeyd edək ki, hazırda Bakı Ekspo Mərkəzində Regionun 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilir. Bu gün sərginin 4-cü günüdür.