Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 17 % artıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 258 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çox vəsait yönəldilib.
“İNFONEWS” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 20,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 15,4 % artıb.
10 ay ərzində istifadə olunmuş vəsaitin 8 milyard 414,6 milyon manatı və yaxud 59 %-i məhsul istehsalı sahələrinə, 5 milyard 108 milyon manatı və yaxud 35,8 %-i xidmət sahələrinə, 735,4 milyon manatı və yaxud 5,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 031,1 milyon manatını və yaxud 77,4 %-ni daxili vəsaitlər təşkil edib, 10 milyard 444,4 milyon manatı və yaxud 73,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 %, büdcə vəsaitləri 40,8 %, əhalinin şəxsi vəsaitləri 6,3 %, bank kreditləri 2,5 %, sair vəsaitlər isə 4,9 % paya malik olub.