Siyavuş Novruzov: “Azərbaycanda kredit faizləri azaldılmalıdır”
“Bu gün Azərbaycan banklarının xarici banklarla əməkdaşlığı demək olar ki, sıfır səviyyəsindədir”.
“İNFONEWS” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Əvvəllər Almaniya və digər ölkələrin banklarından müəyyən vəsaitlər alınırdı, kredit kimi vətəndaşlara verilirdi. Həm banklarımız qazanırdı, həm da kredit faizləri aşağı düşürdü. Amma bu gün bu imkanlar aradan qalxıb. Xüsusilə vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olması üçün verilən kreditlərin faizləri çox yüksəkdir – illik 14%-dən başlayır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır”, – deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, ölkədə valyutadəyişmə məntəqələrinin sayı artırılmalı və hamısı şənbə-bazar günlərində işləməlidir:
“Valyutadəyişmə məntəqələri demək olar ki, ancaq bankların içində yerləşir. Vətəndaşlar şənbə-bazar günlərində pul dəyişmək üçün yer axtarmağa məcbur olurlar. Rayon yerlərində “qara bazar” aktiv fəaliyyət göstərir, pullar müəyyən yerlərdə əldə dəyişdirilir və bundan dövlətə xeyir gəlmir”.