BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə görə 2 milyon dollar ayırdı
“İNFONEWS” xəbər verir.
BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrindəki təcili humanitar fəaliyyəti dəstəkləmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, münaqişədən zərər çəkmiş bölgələrdə təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.
Noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.
Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan Hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinə əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq:
“Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik”, deyə Q.İshaqzai deyib.