“BİR PAYIZ DA BELƏ KEÇDİ ÖMÜRDƏN” – Şairəmizi TƏBRİK EDİRİK!

“BİR PAYIZ DA BELƏ KEÇDİ ÖMÜRDƏN” – Şairəmizi TƏBRİK EDİRİK!

Bu gün şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Səudiyyə Ərəbistanının Jubail şəhərində yaşayıb, fəaliyyət göstərən,

Mətanət Duyğulunun

doğum günüdür. Bu münasibətlə Azərbaycanımızın dəyərli şairəsi Mətanət xanımı təbrik edir, gördüyü bütün işlərində, eləcə də yaradıcılığında uğurlar arzu edirik!

Yenə gəldi qızıl payız, fəsillər,
Elə bil ki, biri-biriylə ötüşür.
Ömür ağacımın budaqlarından,
Yenə də saralmış bir yarpaq düşür.
Arzular, yer alıb xatirələrdə,
Payız küləyitək, darayır saçım.
Qızılı yarpaqlar, örtür izimi,
Qoymur ki, geriyə dönüb yol açım.
Arxamca sürünən çiçəkli çağlar,
Uşaqlıq, gəncliyim əl edir mənə.
Qocalıq dağ kimi durub önümdə,
Çağırır basmağa öz sinəsinə.
Ruhum gəncliyimdən hələ qopmamış,
Cismim saçlarıma ələyibdi dən.
Bilmirəm əlimi uzadım hara,
Qalmışam iki yol ayrıcında mən.
Hərdən istəyirəm dönüb keçmişə,
Yaşayam gəncliyin qaldığı yerdən.
Arzularla yola getmədiyindən,
Çox zaman küsürəm saniyələrdən.
Sonda anlıyıram, ömür dəftəri,
Yazılır taleyin öz əlləriylə.
Yeridir, büdrədir, qaldırır bizi,
Zaman saatının əqrəbləriylə.
Amma bu fəsildə, bu yaş günümdə,
Bu fani dünyaya vardır bir sözüm.
Təşəkkür edirəm saldığın üçün,
Öz geniş sinənə mənim də izim.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir