“Kiçik Akademiya”ların I ümumşəhər konfransına hazırlıqları başladı
“Heydər Əliyev İli”nə həsr olunmuş “Kiçik Akademiya” üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib.
“İNFONEWS” – un Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) əldə etdiyi məlumatında bildirilib ki, paytaxtdakı 307 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən 307 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə “Kiçik Akademiya”ların gördüyü işlər və əldə edilən uğurlar barədə məlumat verib.
Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”nın rəhbəri Sərxan Şahverdiyev “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu bildirib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu deyib. O, “Kiçik Akademiya”ların üzvlərinə fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra tədbirdə ümumi təhsil məktəblərinin “Kiçik Akademiya” üzvlərinin çıxışları dinlənilib.