Əcnəbi doktorant Azərbaycanın ali məktəb kitabxanalarının menecmentini tədqiq edib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ali məktəb kitabxanalarının menecmenti: icmal və qiymətləndirmə” mövzusunda elmi seminar keçirilib.
“İNFONEWS” – a universitetdən verilən məlumatına görə, seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumana mövzu ilə bağlı məruzə edib. O, əvvəlcə, kitabxana menecmenti anlayışını izah edib, kitabxanaların idarə olunmasına tətbiq olunan innovativ iş metodları barədə məlumat verib. Bildirilib ki, müasir kitabxana menecmentinin əsas məqsədi kitabxana fondlarının səmərəli təşkili, kataloqlaşdırılması, dövriyyəsi və eyni zamanda, məlumat axtarışını asanlaşdırmaq kimi mühüm funksiyaları həyata keçirməkdən ibarətdir. Ali məktəb kitabxanalarının menecmentindən bəhs edən doktorant bu kitabxanaların oxucularının yüksək akademik səviyyəsi ilə fərqləndiyi üçün onlara göstərilən informasiya xidmətinin spesifik xüsusiyyətlərə malik olduğunu, universitet kitabxanalarının müəssisənin akademik mühitinin formalaşmasında aparıcı rol oynadığını, səmərəli elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfələr verdiyini deyib.
Akademik mühitin təşviqi baxımından rəqəmsal resursların əhəmiyyətindən söz açan tədqiqatçı müasir dövrdə universitet kitabxanalarının rəqəmsal resurslarını təhsil, tədqiqat, eləcə də informasiya mühitinin əsas komponenti kimi qiymətləndirib.
Məruzədə vurğulanıb ki, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri ali təhsil müəssisələrində kitabxana fəaliyyətinin müasirləşdirilməsi və xidmət səviyyəsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bunun nəticəsində isə istifadəçilərin tələbatı dolğun şəkildə təmin olunur.
Tədqiqatda ölkəmizin ali məktəblərinin kitabxanalarında tətbiq edilən iş metodları, həmçinin Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri barədə ətraflı məlumat verilib. Müxtəlif ali məktəblərin kitabxanaları arasında müqayisəli təhlillər aparılıb. Əsasən BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin Kitabxanası və UNEC Kitabxana İnformasiya Mərkəzinin iş təcrübəsi əsasında hazırlanmış məruzədə rəqəmsallaşdırma prosesləri şərh olunub. Tədqiqat obyekti olan kitabxanaların strukturu, sənəd dövriyyəsi, kitab fondu, elektron kataloqu barədə iştirakçılara məlumat verilib və müzakirələr aparılıb.