Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyektinin sahibi inzibati məsuliyyətə cəlb olunub.
“İNFONEWS” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Biləsuvar Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı Xırmandalı kəndində yerləşən kafenin ətrafında sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.
Aşkarlanmış halla bağlı həmin iaşə obyektinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.