“Yeni gələcək baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm”.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
26 yaşlı hücumçu yığmada işləyəcək mütəxəssisin yerli və ya əcnəbi olması barədə fikir bildirə bilməyəcəyini söyləyib: “Bu işə AFFA, qurumun İcraiyyə Komitəsi baxır. Onlar qərar verirlər. Mən millidə özümü əsgər kimi hiss edirəm. Yığmada canla-başla oynamaq istəyirəm. Bu komandanın formasını geyinmək hər futbolçunun arzusudur. Burada uğur qazanmaq tamam başqa bir şeydir. Burada istər-istəməz ürəkli və cəsarətli futbol oynamaq istəyirsən”.
Emreli daha çox müdafiə futboluna üstünlük verməyin əleyhinə olduğunu vurğulayıb: “Onsuz da qrupda Belçika və digər top-komandalara uduzanda bir şey dəyişmir. Kimsə “Belçikaya niyə uduzdunuz” deyə irad tutmayacaq. Amma onlara qarşı meydana çıxıb 5 və ya 10 qol buraxmamaq barədə düşünmək, müdafiə xəttində onları gözləmək istəmirəm. Əslində, oturub təhlil etsək, belə görüşlər də ola bilər. Uduzsan da, matçdan həzz almalısan, mübarizə aparmalısan, top saxlamalısan, rəqibə çətinlik yaratmalısan”.
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən forvard baş məşqçi Canni De Byazinin millidən ayrılmasına da toxunub: “Bu barədə nəsə deməyim düzgün olmaz. Gedənin arxasınca danışmazlar. Gördüyü bütün işlərə görə sağ olsun. Pis-yaxşı meydanda birlikdə tər tökmüşük. De Byaziyə karyerasında uğurlar arzulayıram”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.