Azad olunmuş ərazilərə olan avtobus reysləri üçün biletlər satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 28-də saat 11-də satışa çıxarılacaq.
“İNFONEWS” -un AYNA-dan əldə etdiyi məlumatına görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırıldığından artıq 18 yaşına çatmayan şəxslər üçün də bilet almaq mümkündür.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 647 reys həyata keçirilib, 26530 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.