ASAN İmza Sertifikatının verilməsində çətinlik 3 gündür davam edir

ASAN İmza Sertifikatının verilməsində çətinlik 3 gündür davam edir .

Bu barədə “İNFONEWS.AZ”-a xidmət almaq istəyən vətəndaşlar tərəfindən məlumat verilib.

Biznes tipli ASAN imza nömrəsi alaraq, müvafiq sertifikatın verilməsi üçün 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etdik. Lazımi sənədlərlə birlikdə ASAN xidmət mərkəzinin “E” pəncərəsinə yaxınlaşdıq. Xidmət əməkdaşları tərəfindən noyabr ayının 24-dən etibarən ölkə üzrə ASAN İmza Sertifikatının verilməsi xidmətində çətinlik yarandığı və hələ də davam etdiyi, ümumiyyətlə bu müddət ərzində heç bir sertifikatın verilmədiyi qeyd edildi. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və 108 çağrı mərkəzinə müraciət etməyimiz tövsiyyə olundu.

Biz də məsələ ilə bağlı ilk öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinə müraciət etdik. Nazirlik rəsmisi məsələnin onlara aid olmadığını,, ümumiyyətlə ASAN imzanın onların səlahiyyətində olmadığını bildirdilər. Əlavə olaraq, müvafiq xidmətin Dövlət Vergi Xidməti və “B.EST Solutions” MMC tərəfindən tənzimləndiyini vurğuladılar.

Daha sonra məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin qaynar xəttinə müraciət etdik. Məsələdən xəbərdar olduqlarını, problemin 5 dəqiqəyə də, gün ərzində də, 1 gündən artıq müddətə də həll edilə biləcəyini, dəqiq məlumatın olmadığını bildirdilər və onlarla əlaqə saxladığımız kimi ASAN xidmətlə əlaqə saxlamağımızı tövsiyyə etdilər.

Biz də sonra DVX operatorunun tövsiyyəsinə əsasən ASAN xidmətin 108 çağrı mərkəzi ilə əlaqə saxladıq. Ətraflı məlumat verən xanım operator problemin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və Dövlət Vergi Xidmətindən deyil, “B.EST Solutions” MMC və mobil operatorlardan qaynaqlandığını qeyd etdi və hazırda xidmətin bərpası üçün işlərin görüldüyünü vurğuladı.

Ümid edirik ən qısa müddətdə problem müvafiq qaydada həll ediləcək və vətəndaşlar, o cümlədən xidmət istifadəçiləri öz hüquqlarından rahat istifadə edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir