Daşkənddə “Türküstanın türk xalqlarının tarixində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbir Türk Dövlətləri Təşkilatı tərəfindən Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti və Türk Dövlətlərinin Coğrafiya Şurası ilə birgə “Elmdən başqa nicat yoxdur” (İmam Buxari) devizi altında təşkil olunub.
Konfransın açılış mərasimində Türk Dövlətlərinin Coğrafiya Şurasının Baş katibi Oybek Norinboyev, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, professor Sherzod Kudratkhodja, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvokhid Azimov və TÜRKSOY baş katibinin müavini Sayit Yusuf çıxış edib.
Tədbir iştirakçıları vurğulayıblar ki, bu cür konfranslar türk xalqlarının böyük mədəni-tarixi irsinin qorunub saxlanması ilə yanaşı, elm və təhsilin gənclər arasında tendensiyaya çevrilməsində türk dövlətlərinin alim və tarixçilərinin səylərini birləşdirməyə xidmət edəcək.
Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və digər ölkələrdən 100-dən çox aparıcı beynəlxalq ekspert və alim iştirak edib.