“Aşpaz-Dual” qrupun tələbəsi “Türkün ortaq süfrəsi” kulinariya festivalında iştirak edib
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz-Dual” qrupunun tələbəsi Orxan Xalıqov ŞUŞA şəhərində keçirilən “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransında və “Türkün ortaq süfrəsi” kulinariya festivalında təqdimatla çıxış edib.
“İNFONEWS” -a İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən veriələn məlumata görə, Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsinin aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasından ibarətdir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak ediblər.
Açıq havada – Şuşadakı Tut bağında təşkil olunan tədbirdə qonaqlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar. Təqdimatın iştirakçıları hər bir türkdilli dövlətin milli xörəklərindən, şirniyyatlarından dadmaq imkanı əldə ediblər. Ziyarətçilərə qutab növləri, plovlar, beşbarmak, kumıs, Qarabağ kətəsi, fərqli növ ət yeməkləri, türk qəhvəsi təqdim edilib.