Prezident: “Çətin vaxtlarda italyan xalqı bizimlə həmrəy oldu”
“İNFONEWS” xəbər verir.
İtaliya və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik.
Bunu Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.
Prezident ümid etdiyini bildirib ki, italyan şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. “Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir”, – deyə dövlətimizin başçısı qeyd edib.
Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlı planlardan da söz açan Prezident İlham Əliyev deyib:
Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək.