Mingəçevir Dövlət Universiteti Kayseri Universiteti ilə əməkdaşlığa başlayıb.
Türkiyənin Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi etdiyi “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransda iştirak məqsədilə bu ali təhsil müəssisəsində olub.
“İNFONEWS” “AZƏRTAC”-a istinadən xəbər verir ki, ziyarət çərçivəsində MDU və Kayseri Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
İmzalanma mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov və Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa əməkdaşlığın yaradılmasından məmnunluqlarını bildiriblər. Universitetlər arasında əməkdaşlığın potensial istiqamətləri diqqətə çatdırılaraq işbirliyinin faydalı olacağına əminlik ifadə edilib.
Sonra hər iki ali təhsil müəssisəsinin rektorları protokolu imzalayıblar. Protokol qarşılıqlı maraq doğuran sahələrdə universitetlərin ortaq fəaliyyətlərini ehtiva edir.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da potensialın gücləndirilməsi məqsədilə qardaş ölkənin universitetləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir.