“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir.
Şuşada Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir.
“İNFONEWS” xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın və türk dövlətlərinin mədəniyyət və incəsənət xadimləri, o cümlədən digər qonaqlar iştirak edirlər.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. “Paytaxt ili” çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin tarixi-mədəni zənginlikləri təbliğ olunub.