“ASAN Xidmət”ə növbəti beynəlxalq mükafat təqdim edilib
“ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görülüb.
“İNFONEWS” -un Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə, “ASAN xidmət” Bakıda keçirilən II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı çərçivəsində ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsinin banisi, görkəmli ixtiraçı-mühəndis Genrix Altşullerin adını daşıyan medal və mükafat ilə təltif olunub. Mükafat quruma beynəlxalq innovativ ictimai idarəçilik sahəsində əldə olunan uğurlara görə verilib.
Qeyd edək ki, TRİZ İnstitutunun, Türkiyənin Qazi Universitetinin və Milli Aviasiya Akademiyasının birgə təşəbbüsü ilə reallaşdırılan tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, eyni zamanda, XX əsrin ən önəmli nəzəriyyələrindən biri olan və Bakıda yaradılmış TRİZ (ixtiraçılıq məsələlərin həlli) nəzəriyyəsinə həsr edilib.