“ÖZÜNDƏN SORUŞDUQ”-da “…tarixi həqiqətləri əks etdirən elmi nəşrin hazırlanmısını özümə borc bildim”

“ÖZÜNDƏN SORUŞDUQ”-da “…tarixi həqiqətləri əks etdirən elmi nəşrin hazırlanmısını özümə borc bildim”

“İNFONEWS”-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayevadır.

“İNFONEWS”: Kitabınız haqqında nəyi bilmirik?

Məhəbbət PAŞAYEVA: – Kitab tariximizin  ən maraqlı, ən zəngin, eyni zamanda ən çox saxtalaşdırmaya məruz qalmış Qafqaz Albaniyası və alban xristian irsinə aid Qarabag və Şərqi Zəngəzurdakı  abidələrinin tədqiqinə həsr olunub. Azərbaycanın  Qarabağ və Zəngəzur əraziləri  alban memarlığı abidələri ilə ən zəngin bölgələrimizdəndir. Sovet dövründə Qarabagdakı alban abidələrinin dövlət qeydiyyatına salınmasına, burada Azərbaycan alimlərinin tədqiqat aparmasına ciddi maneələr törədildiyi üçün bu abidələrin yalnız bir qismi dövlət qeydiyyatına alınmışdı. Onların böyük əksəriyyəti sovet rəhbərliyinin təzyiqi nəticəsində qeydiyyatdan kənarda qalmışdı. Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində  yüzdən artıq alban memarlıq abidəsi haqqında tarixi arayış verilir. Lakin qeyd edim ki, bu bölgənin alban abidələrinin tam təsnifatı deyildir. XX əsrin sonlarına qədər aşkar edilmiş və bir qismində elmi tədqiqat işləri aparılmısdı. Azərbaycanda tarix və mədəniyyət abidələrinin   kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılsa da, bu proses Qarabağda və Şərqi Zəngəzurda yerləşən alban abidələrini çox məhdud şəkildə əhatə etdiyi üçün bölgənin alban abidələrinin böyük bir qismi qeydiyyatdan kənarda qalmışdı. Kitabın yazılması da bu abidələrin  tarixi keçmişi və bugünkü vəziyyəti,  falsifikasiya  faktları təsbit edilməklə geniş оxucu auditоriyasına çatdırılması, bölgənin  alban abidələrinin bir nəşrdə toplanması zərurətindən irəli gəlmişdir. Oxucular 30 illik işğal dövründə erməni təcavüzünün qurbanı olmuş Qarabag və Şərqi  Zəngəzurun alban abidələrinin  ümumi sayı, onlar barədə tam tarixi-etoqrafik məlumatlar əldə etməklə yanaşı,  abidələrimizə dəymiş zərər,   alban etnomədəni irsimizin canlı arxivi olan kilsə və monastrların qeyri-qanuni bərpa adı altında dagıldılması, falsifikasiyaya ugradılması və talan edilməsi faktları haqda məlumat əldə edə bilərlər.

“İNFONEWS”: – Kitabın ərsəyə gəlməsi ideyası nə vaxtdan yaranıb?

Məhəbbət PAŞAYEVA: – 2020-ci ildə Azərbaycan xalqının əzmi, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasət və Azərbaycan Ordusunun hərbi qüdrəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur azad edildi. 44 günlük Vətən Müharibəsinin gedişində artıq abidələrimizin acınacalı vəziyyəti ilə baglı görüntülər ortaya çıxmaga başlamışdı. Həmin günlərdə alban irsinə məxsus dini-mədəni abidələrin ermənilərə məxsusluğuna dair əsassız iddialar səslənməyə başlamışdı. Əslində ermənilər bunu hər zaman etmişlər. Müharibə dövründə və bugünədək  alban xristian məbədləri üzərindən qlobal manipulyasiyalar isə daha da aktivləşmişdir. Hətta bununla baglı YUNESKO müraciətlər etməyə cəhd göstərirlər. Çox təəsüf ki, 30 il lik işğal dövründə ermənilərin Qarabağ və Zəngəzurda abidələrə qarşı törətdikləri vəhşilikləri görməməzlikdən gələn YUNESKO Qarabağ işğaldan azad edildikdən sonra xristian abidələri ilə baglı yersiz narahatlıq bildirməyı başladılar. Bir  tədqiqatçı  kimi mədənin soyqıqrıma məruz qalmış abidələrimiz, xüsusilə də ermənilər tərəfindən mənimsənlməyə çalışılan Qarabagın və Zəngəzurun alban abidələri ilə baglı tarixi həqiqətləri əks etdirən elmi nəşrin  hazırlanmısını özümə borc bildim.  Əslində, Qafqaz Albaniyası tarixi, alban tayfaları və alban abidələri ilə baglı uzun ilər idi tədqiqatlar aparırdım. Lakin Zəfər tariximiz  bu kitabın tezliklə ərsəyə gəlməsində əsas ilham qaynagı oldu. Bu işdə mənə bir alim kimi böyük dəstək göstərmiş, hər zaman  elmi nəşrlərin işiq  üzü görməsinə yaxından kömək göstərən, xüsusilə də, alban etnomədəni irsinin tədqiqi və təbliği ilə baglı  bir çox uğurlu layihələrə imza atmış  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə çox minnətdaram.

“İNFONEWS”: Çoxsaylı kitabların müəllifisiniz. Tarixi Zəfərimizə qədər və sonra yazılan əsərlərinizdə fərqlər varmı?

Məhəbbət PAŞAYEVA: – Bir tarixçi olaraq, hər zaman tariximizin obyektiv həm də vətənpərvərliyimizi yüksəldən amilləri vurgulayan tarixi hadisələri daha ön plana çəkərək tədqiq edilmsinə çalışmışam. Tariximizin az öyrənilən, Sovet dövründə təhrif edilən məslələrinə daha çox diqqət yetirməyə  sahələrə yönəlməyə üstünlük vermişəm.  Təbii ki, tarixi  Zəfərimizdən sonra hər bir azərbaycanlı kimi mən də daha böyük ruh yüksəkliyi ilə çalışıram.  İşğaldan azad edilmiş Qarabağ və Zəngəzur ərazilərində aparılacaq araşdırmalar nəticəsində daha neçə-neçə alban abidələrinin aşkar ediləcəyi də şübhəsizdir. Bu baxımdan, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində ermənilər tərəfindən dağıntılara məruz qalmış alban mədəni irsinə məxsus tarixi-memarlıq komplekslərinin aşkar edilərək, qeydiyyata alınması, bərpa və konservasiya işləri qarşıda duran əsas vəzifələrdəndir. Zərər görmüş və falsifikasiyalara məruz qalmış alban abidələrinin təsbit edilməsi, sayının və ümumi vəziyyətinin müəyyənləşdirilməsi, eyni zamanda,  bu abidələrin  tarixi aspektdən təhlil edilməsi hal-hazırda mənim tədqiqatlarımın əsas  istiqamətini təşkil edir.

“İNFONEWS”: – Hər bir kitabı hazırlayanda içinizdə kiməsə ithaf etmək keçirmi, ya ithaf etmisinizmi?

Məhəbbət PAŞAYEVA: – Hər bir kitab yazılanda, təbii ki, müdrik insanların, öndərlərin fikirləri bizə yol göstərir.   Lakin mən düşünürəm ki, kitablarımı, yəqin ki, ancaq oxucularıma ithaf edə bilərəm.

“İNFONEWS”: Qafqaz Albaniyası dövrünə aid tarixi abidələrin tədqiqi məqsədilə dəfələrlə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər etmisiniz. Təəssuratlarınızı bizimlə paylaşa bilərsiniz?

Məhəbbət PAŞAYEVA: – 44 günlük tarixi Zəfərimizdən sonra Azərbaycan xalqının tarixi-mədəni irsinin alban xristain irsi ilə baglı ən zəngin nümunələrinin toplandığı Qarabag və Zəngəzurun dagıdılmış və falsifikasiya məruz qalmış aidələrimizi ilk dəfə olaraq əyani görmək və tədqiq etmək şansı yarandı. Xüsusilə də, 2021-ci ilin fevralında Laçına olan ilk səfərim məni çox təsirləndirdi.  Qarabağın cənnət guşələrindən olan Laçının xarabalığa çevrilmiş yerlərini görmək dagıdılmış evlərin qalıqları, kəsilmiş agaçlar o vaxt bütün nümayəndə heyətini, xarici ölkələrdən olan nümayəndələrini də dəhşətə gətirmişdi. Laçında Ağoğlan monastırında olduq. Burda da erməni vandalizminin şahidi olduq. Qədim daşlar oğurlanıb, yeni saxtaları ilə əvəz edilmişdi. Kilsə həyətindəki alban dövrünə aid qədim daşın kilsədən çıxarılması ilə bağlı fotosənəd də mövcuddur.

Qeyd edim ki, 2023-cü il oktyabr ayında Laçına səfərim zamanı gözlərimə inana bilmədim. Laçın yenidən cənnətə dönmüşdür. Cəmi il yarım keçməsinə baxmayaraq, bu qısa müddətdə çəkilən yeni yollar, abadlaşdırma işləri bütün Zəfər yolu boyu göz oxşayırdı. Laçında bu müddətdə hətta  gözəl bir park salınması, zövqlə və milli koloritə uyğun təmir edilmiş evlər, ən əsası isə  artıq laçınlıların bizi qarşılaması məni çox duyğulandırdı və qürürlandırdı. Vətənim, xalqım, dövlətim və Azərbaycanlı olduğum üçün bir daha fəxr etdim.   

Məhəbbət xanımın əsl ziyalı təmkini, susqun və eyni zamanda danışan baxışları, nəvazişli təbəssümü qarşısında sonuncu “Özünüzə hansı sualı verib, cavablandırmaq istərdiniz?” sualımızı verə bilmədik…

“İNFONEWS” komandası adından hörmətli professor Məhəbbət Paşayevaya təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir