ƏÜO-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib .
Müdafiə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, tədbirdə çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıb, Azərbaycanın rifahı naminə, o cümlədən beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində gördüyü işlər barədə geniş məlumat veriblər.
Çıxışlar zamanı Ulu Öndərin ən müqəddəs arzularından birinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğu və görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etmək qabiliyyətinə malik Silahlı Qüvvələrin yaradılması yönündə mütərəqqi islahatların aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən film nümayiş olunduqdan sonra, hərbi qulluqçu, kursant və şagirdlər ədəbi bədii kompozisiya ilə çıxış edib, Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndiriblər.