Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib.  

Hərbi hissələrin əməliyyat planlarının hazırlanması, aidiyyatı üzrə əmrlərin çatdırılması, eləcə də bölmələrin idarə olunması və aşkar olunmuş hava düşməninin məhv edilməsi üçün verilən məlumatların müasir texniki vasitələr üzərindən bölmələrə çatdırılması məşq etdirilib.  

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.

Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və mexanikləşdirilmiş bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum tapşırığını icra edib. Burada əsas diqqət düşmənin təminat yollarının və ehtiyatlarının yaxınlaşma istiqamətlərini görən hakim yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimin yekununda qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir