Futbol üzrə Türkiyə Superliqasında oyunların bərpa olunacağı tarix açıqlanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Böyükekşi mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkə çempionatı dekabrın 19-da XVII turun matçları ilə davam edəcək. Bu həftə keçirilməsi nəzərdə tutulan XVI turun qarşılaşmaları isə 2024-cü il yanvarın 10-da oynanılacaq.
Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra meydan sahiblərinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən Türkiyə Futbol Federasiyası bütün liqalarda matçların qeyri-müəyyən müddətədək təxirə salınmasına qərar vermişdi.