Sosial xidmət infrastrukturu genişləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni sosial xidmət mərkəzləri yaradılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İNFONEWS”–a verilən məlumata görə, yeni müəssisələrin Bakının Yasamal rayonunda, Hacıqabul və Ağdam rayonlarında yaradılması nəzərdə tutulub.
Yaxın vaxtlarda istifadəyə veriləcək 3 yeni ixtisaslaşmış sosial xidmət mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək.
Bu mərkəzlərdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılacaq.
Qeyd edək ki, həmin müəssisələrdə göstərilən xidmətlər şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin edir.
Burada mütəmadi olaraq valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçirilir.
Son illərdə Abşeron, Sabunçu və Nərimanov rayonlarında da belə mərkəzlər istifadəyə verilib və ötən dövrdə bu xidmət vasitəsilə 18 yaşınadək əlilliyi olan 500-ə yaxın şəxsin reabilitasiyası uğurla başa çatıb.